Azərbaycan Sosial Rifah Partiyası (ASRP) professor Xanhüseyn Kazımlı tərəfindən qurulmuşdur. 1995-ci il 4 avqust tarixində partiya dövlət qeydiyyatına alınmışdır.
Azərbaycan Sosial Rifah Partiyası 2000-2020-ci illərdə Milli Məclisdə təmsil olunmuşdur. ASRP-yə 1995-2020-ci illərdə Xanhüseyn Kazımlı sədrlik etsə də, 2020-ci ildən etibarən isə partiyanın sədrliyi gənc nəslin nümayəndəsi Əsli Kazımovaya həvalə edilmişdir.
1994-cü ildən İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi olan Xanhüseyn Kazımlı qurucusu olduğu Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
Yeni qurulan Azərbaycan Sosial Rifah Partiyası üç il sonra, 1998-ci ildə baş tutan Prezident seçimlərində mübarizə apardı. ASRP sədri Xanhüseyn Kazımlı, 8 254 səslə, yəni 0.30 %-lə altı namizəd sırasında sonuncu, 6-cı pillədə qərarlaşmışdı.
Azərbaycan Sosial Rifah Partiyası 2000-ci il noyabrın 11-də baş tutan Parlament seçimlərində mübarizə aparıb. 58 saylı Biləsuvar dairəsindən namizədliyini irəli sürən ASRP sədri Xanhüseyn Kazımlı, qalib gəlib və Milli Məclisin deputatı seçilib.
Azərbaycan Sosial Rifah Partiyası 5 il sonra, 2005-ci il noyabrın 6-da baş tutan Parlament seçimlərində də mübarizə aparıb. 66 saylı Biləsuvar dairəsindən namizədliyini irəli sürən ASRP sədri Xanhüseyn Kazımlı, növbəti dəfə qalib gəlib və Milli Məclisin deputatı seçilib.
ASRP sədri Xanhüseyn Kazımlı növbəti illərdə də, 2010-cu il noyabrın 7-da baş tutan və 2015-ci il noyabrın 1-də baş tutan Parlament seçimlərində də qalib gəlib və 20 il Milli Məclisin deputatı olmağa müvəffəq olub.
2020-ci il iyulun 15-də Azərbaycan Sosial Rifah Partiyasının IX Qurultayı baş tutub. COVID-19 pandemiyasına görə onlayn formada baş tutan qurultayda ASRP sədri, sədr müavinləri, Nəzarət və Təftiş Komissiyasının üzvləri seçilib. ASRP sədrinin birinci müavini Əsli Kazımova, Azərbaycan Sosial Rifah Partiyasının 2-ci sədri seçilib.